Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi-nin 1992-ci il 24 fevral tarixli 139- XII nömrəli qərarı ilə yaradılmışdır.
Daimi Nümayəndəlik aşağıdakı vəzifələri yerinə yetirir:
Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarında Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları tərəfindən irəli sürülmüş məsələlərə baxılmasında, Naxçıvan Muxtar Respublikasına aid proqram, qərar və sərəncamların layihələrinin hazırlanmasında iştirak etmək;
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tapşırığı əsasında muxtar respublikanın təsərrüfat, sosial - mədəni və digər məsələləri haqqında məlumatları Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına təqdim etmək;
Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarında Naxçıvan Muxtar Respublikasına aid qərar layihələri və nəzərdə tutulan tədbirlər haqqında, Naxçıvan Muxtar Respublikası tərəfindən irəli sürülən məsələlərin Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarında baxılması vəziyyəti haqqında və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının qərar layihələri üzrə təkliflərinə muxtar respublikanın müvafiq dövlət orqanlarında baxılmasının nəticələri haqqında aidiyyəti üzrə müntəzəm məlumat vermək;
Naxçıvan Muxtar Respublikasına aid məsələlər üzrə qəbul edilmiş normativ aktların Azərbaycan Respublikasında yerinə yetirilməsi vəziyyəti haqqında məlumat vermək və operativ əlaqəni həyata keçirmək;
Naxçıvan Muxtar Respublikasının elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında əlaqələrin yaradılması və genişləndirilməsinə, muxtar respublikanın sosial – iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkilinə və keçirilməsinə köməklik etmək;
Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə ezam edilmiş şəxslərə xidməti tapşırıqların yerinə yetirilməsində köməklik etmək;
Naxçıvan Muxtar Respublikasından olan tələbə və maqis-trlarla əlaqələr saxlamaq, təhsillərinin müvəffəqiyyətlə başa vurulmasında və arzu edərlərsə, muxtar respublikaya işləməyə göndərilməsində onlara lazımi köməklik göstər-mək;
öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və onların nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərlərinə köməklik etmək;
Naxçıvan Muxtar Respublikasında sosial – iqtisadi inkişaf, ictimai – mədəni proseslər haqqında kütləvi informasiya vasitələrinə məlumat vermək;
Daimi Nümayəndəliyin fəaliyyəti ilə bağlı daxilolan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.